Gürcüstanda Ermənistanla müttəfiqlik məsələsinə yenidən baxılacaq?| İrəvan Tiflisi müharibəyə sürükləyir (ANALİZ)

2020/08/34534-1598423658.jpg
Oxunub: 4001     12:36     09 Mart 2024    
Cənubi Qafqaz regionunun iki ölkəsi - Ermənistan və Azərbaycanın məlum münasibətlərinin fonunda proseslərdən kənarda qalmış kimi təsir bağışlayan Gürcüstanın da digər iki respublika arasındakı münaqişədən sonrakı dövrün siyasi axarına cəlb edilməsi sürətlənir.

Bakı ilə yüksək əlaqələrə malik Tiflisə rəsmi İrəvanın son zamanlar sürəkli maraq göstərməsini təsadüf saymaq təbii ki, mümkün deyil.

Bu günlərdə Gürcüstan hökumətinin ABŞ Senatına göndərdiyi etiraz məktubuna, eləcə də Gürcüstanın ədliyyə nazirinin bu ölkənin sabiq prezidentinin Gürcüstandaxili siyasi proseslərdə iştirak edə bilməyəcəyi ilə bağlı açıqlamasına diqqət yetirək.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ senatorlarına müraciət edərək, ölkənin Rusiyaya qarşı sanksiyalardan yayınması ilə bağlı ittihamlara aydınlıq gətirilməsini tələb edib. Gürcüstan tərəfi amerikalı həmkarlarının qəbul etdiyi sənədin hansı dəlillərə əsaslandığına dair açıqlama istəyib. Bir sözlə, gürcülər amerikalılardan konkret sübut təqdim olunmasını israr ediblər.

Eyni zamanda, Gürcüstan Maaliyə Nazirliyinə rəsmi Tiflisin beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret faktın və ya sənədin təqdim edilmədiyi açıqlanıb.

Qeyd edək ki, ABŞ-nin bir neçə senatorunun və maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya bəzi məhsullar, o cümlədən, yarımkeçiricilər tədarük etdiyi bildirilir. Eyni zamanda, Gürcüstan Rusiyaya yardım edən ölkə kimi göstərilir.

ABŞ senatorlarının və ekspertlərinin qəbul etdiyi bu bəyanatla paralel Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin tərəfdarlarının onun azad edilməsi istiqamətində aktivlədiyi barədə xəbərlər çoxlamağa başlayıb. Tərəfdarları hazırda həbsdə olan keçmiş prezidentin azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb. Əslində, bu iki fakt rəsmi Tiflis üçün ciddi əhəmiyyətə malik siyasi mesaj xarakteri daşıyır. Elə buna görə də, ölkənin ədliyyə naziri Gürcüstanın sabiq prezidentinin azadlığa çıxa biləcəyi təqdirdə, onun Gürcüstanın siyasi həyatında heç bir fəalyyətlə məşğul ola bilməyəcəyinə dair açıqlama yayıb.

Deməli, Gürcüstan hökuməti senatdan tələb etdiyi faktlarla, həmçinin Mixael Saakaşvili ilə bağlı açıqlama verməklə ABŞ-dən Cənubi Qafqaza uzadılan “təsir rıçaqları”nı müəyyən mənada zərərsizləşdirməyə çalışır.

Bütün bunların fonunda Ermənistanın siyasi hakimiyyəti son zamanlar rəsmi Tiflislə əlaqələri intensivləşdirməyə çalışır, hətta İrəvanın müzakirəyə çıxardığı mövzular strateji tərəfdaşlıq konteksində qurulur. Rusiyadan qopub Qərbə doğru kurs götürən rəsmi İrəvanın Aİ-nin əsas ölkələrindən biri olan Fransadan əldə etdiyi müasir silahları Gürcüstan üzərindən daşıması və bunun gələcək zamanda da mümkünlüyünə nail olmaq üçün Ermənistan Gürcüstanla strateji tərəfdaşlıq əldə etməyə, Qərbin siyasi institutları isə rəsmi Tiflisə hər cür təzyiq göstərməyə çalışır.

Bu arada Avropanın ciddi rəqib, həm də Rusiyaya yaxın güc mərkəzi kimi qəbul etdiyi Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin sessiyasında bildirib ki, bu qərardan sonra Gürcüstan vətəndaşları Çində 30 günədək vizasız qala biləcək.

Əgər Çin Gürcüstan vətəndaşlarını öz hüdudlarından içəri 30 gün müddətinə vizasız buraxmaq haqqında qərar verirsə, deməli, Pekin və Tiflis arasında ciddi yaxınlaşma baş verir. Bu proses həm də Cənubi Qafqazda Moskvanın da mövqeyinin güclənməsi üçün tutarlı arqument sayıla bilər.

Düzdür, müəyyən məsələlərdə Pekin və Moskva arasında fikir ayrılıqlarının olduğunu demək olsa da, dünyadakı qütbləşməyə nisbətdə Rusiya və Çin strateji siyasi nöqtələrdə nəinki toqquşmur, həm də həmrəylik nümayiş etdirirlər. Çinin Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişə icazə verməsi, istiləşməyə doğru inkişaf edən rəsmi Tiflis və Moskva münasibətlərində də mühüm əhəmiyyətə malik ola bilər. Bu isə sözsüz ki, Cənubi Qafqazda Qərb dəyərlərini möhkəmləndirməyə çalışan avropalı diplomatları ciddi şəkildə narahat edir. Çünki Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi və gücləndirilməsi Avropanın Gürcüstana təsirini əhəmiyyətli dərəcədə azaldacaq. 2023-cü ilin avqustunda Tiflislə Pekin arasında strateji tərəfdaşlığın əsasının qoyulmasından sonra Qərbin siyasi dairələri Gürcüstanla bağlı siyasətində aktivliyi daha da artırıb. Bura xüsusilə Ermənistanın Gürcüstanla strateji tərəfdaşlığa can atması da daxildir.

Son zamanlar Ermənistan-Gürcüstan əlaqələrini ehtiva edən rəsmi və ya qeyri-rəsmi xəbərlərə nəzər yetirək: Xüsusilə, erməni mətbuatının yazdığına görə, İrəvan və Tiflis arasında reallaşan yüksək səviyyəli görüşlərdə və ya telefon danışıqlarında daha çox müzakirə edilən məsələlərdən biri də iki respublikanın sərhədlərinin demarkasiya-delimitasiyasıdır. İndiki Ermənistan hakimiyyətinə əks qütbdə dayanan yerli media ölkənin baş naziri Nikol Paşinyanın müəyyən əraziləri Gürcüstana güzəştə gedəcəyini yazır.

Söhbət əsasən Ermənistan-Gürcüstan sərhədində yerləşən Cilizə kəndinə bitişik ərazilərdən gedir.

Tiflis və İrəvan arasındakı bu meyllənməni bir neçə amillə əlaqələndirmək olar. Bunlardan biri bu respublikaların Avropa İttifaqına namizədliyi ilə bağlıdır ki, Brüssel bu məsələdə xüsusi “canfəşanlıq” göstərir. Aİ-ni Gürcüstan və Ermənistanın inkişafından daha çox Avropanın təhlükəsizlik məsələləri narahat edir. Bu baxımdan da Ermənistanın silahlandırılmasının fonunda Tiflisin də proseslərə cəlbi - bir tərəfdən İrəvana silah göndərilməsində Gürcüstan ərazisindən istifadə, digər tərəfdən isə Ermənistan-Gürcüstan münasibətlərini strateji əməkdaşlıq müstavisinə çıxarıb, gələcəkdə rəsmi Tiflisi də Aİ ölkələrinin istəyinə uyğun olaraq Rusiyaya qarşı mövqe tutmağa vadar etmək kimi məsələlərin həlli Qərb dairələrini ciddi düşündürür.

Diqqət edək, son illər inkişaf etməkdə olan Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinə nəzər yetirmək kifayətdir ki, rəsmi Tiflisə münasibətdə İrəvanın nümayiş etdirdiyi aktivliyin qaranlıq məqamlarını görmək mümkün olsun. Siyasi, iqtisadi, mədəni əlaqələri inkişaf etdirən Bakı-Ankara-Tiflis eyni zamanda hərbi əməkdaşlıq sahəsində də yetərincə ciddi nəticələrə nail olublar və bu üç ölkə vaxtaşırı birgə hərbi təlimlər keçirir.

Söz yox ki, bu fakt avropalıların diqqətindən kənarda qalmır və qala bilməz.
Deməli, ilk olaraq, Bakı-Ankara-Tiflis münasibətlərini zərbə altında qoymaq üçün Fransa hələ də Azərbaycanla sülh sazişinin başğlanmasından müxtəlif formalarla yayınan Ermənistana satdığı silahları Gürcüstan üzərindən İrəvana çatdırılmasına nail olur. Bəllidir ki, buna görə Ankara və Bakı Tiflis qarşısında dəqiq cavab tələb edən suallar qoyacaq...

Digər tərəfdən, hələ də Türkiyəni öz sıralarında görmək istəməyən Aİ ölkələri Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılmasına nail olunacağına, hətta Ermənistanın Avropaya İnteqrasiyası məsələsində Türkiyənin əhəmiyyətli töhvələr verəcəyinə inam ifadə edirlər.Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatik Forumunda panel müzakirəsi zamanı deyib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşması üçün mühüm addımlar atıblar və biz ümid edirik ki, bu fəaliyyət davam edəcək və konkret nəticələr verəcək. Nəticədə, Cənubi Qafqazda və onun vasitəsilə gərginliyin azaldılması, ticarətin və investisiyaların artırılması hər üç region ölkəsinin, eləcə də Türkiyənin rifahını yaxşılaşdıracaq, eyni zamanda, Aİ üçün aşkar faydalar gətirəcək.

Çox hiyləgər bir yanaşmanın doğurduğu sualları gözdən keçirək:

- Gürcüstan Ermənistandan əvvəl həm Türkiyə ilə yüksək əlaqələrə malikdir və Aİ üzvlüyünə namizəd olmağa can atıb, amma hələ də buna nail ola bilməyib.

Onda belə bir sual yaranır: özü birlikdən kənarda tutulan Türkiyə necə ola bilir ki, yaxşı əlaqələrə malik olduğu Gürcüstanın Avropaya inteqrasiyasında heç bir rol oynamır, amma bu məsələdə Ankara Ermənistan üçün ciddi əhəmiyyətə malik olur?!

Digər bir qaranlıq məqama da diqqət yetirək: Türkiyə və Rusiya arasındakı münasibətlər hamıya bəllidir.

Avropa İttifaqı rəsmilərinin Ermənistan və Gürcüstanın Avropaya inteqrasiyası məsələsində Türkiyənin rolunu xüsusi vurğulamaları həm də Türkiyə-Rusiya münasibətlərini zərbə altında qoymağa hesablanıb.

Bəllidir ki, hazırda Ermənistanın siyasi hakimiyyəti rəsmi Moskva ilə az qala, konflikt həddinə çatıb. Gürcüstan isə qonşusundan fərqli olaraq, Rusiya ilə münasibətlərini diplomatik yollarla və daha ehtiyatlı şəkildə tənziləmək yolunu tutub.

Bunun fonunda, İrəvan Tiflislə strateji əməkdaşlıq qurmağa can atır. Həm də Qərbdən aldığı silahların daşınmasında Gürcüstan ərazisindən istifadə edir. Bununla da Ermənistan Gürcüstanın nəinki Azərbaycan və Türkiyə ilə, hətta Rusiya ilə münasibətlərinə də xələl gətirmiş olur. Deməli, İrəvan dolayısı ilə Rusiyanı Gürcüstanın Cənubi Osetiya və Abxaziya problemlərini yenidən aktuallaşdırmağa vadar edir. Nəticədə, bölgədə təklənən rəsmi Tiflisin Avropanın dediklərini etməsi üçün rıçaqlar işə düşür.

Mümkündür ki, bu gün tələm-tələsik silahlanmağa çalışan İrəvan Tiflislə müzakirələrdə tez-tez toxunduğu delimitasiya-demarkasiya məsələlərini Gürcüstanla münaqişə müstəvisinə də daşımaq haqda düşünsün. Beləliklə, Azərbaycanla sülh razılaşmasından yayınmağa çalışan Ermənistan həm Azərbaycan, həm də Gürcüstanla münaqişə vəziyyətində qalsın. Bu gün dalana dirənən Rusiya Ukrayna müharibəsinin Avropaya sıçramaq təhlükəsi aktuallaşsa, Cənubi Qafqazdakı münaqişə ocaqları aktiv fazaya keçəcək və Moskvanın diqqətini Avropadan daha çox onun üçün xüsusi əhəmiyyətə malik olan Cənubi Qafqaza yönəldəcək.

Beləliklə, Gürcüstan bu gün rastlaşdığı siyasi dalanlardan çıxa bilməyəcək, nəticədə Azərbaycan, Türkiyə və Rusiya ilə daha ciddi problemlər yaşamalı olacaq, ya da ki, Avropadan asılı vəziyyətə düşəcək. Bura həm də Gürcüstanın daxilində siyasi sabitliyin pozulması variantı da daxildir.

Görünən odur ki, İrəvan strateji tərəfdaşlıq qurmaq istiqamətində danışıqlar apardığı Tiflisi öz ardınca hərbi-siyasi bataqlığa sürükləyir.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin